E-kassaların uçota alınması üçün təqdim olunması e-kassa operatorları tərəfindən həyata keçirilir. Pul hesablaşmalarını e-kassa ilə həyata keçirməli olan vergi ödəyicisi qeydiyyatdan keçmiş e-kassa operatoruna müraciət etməli və aşağıdakı sənədləri təqdim etməlidir:
- Şəxsiyyəti təsdiq edən sənəd;
- VOEN;
- Ticarət obyektinin kodu.
Vergi ödəyicisinin sənədləri yoxlanıldıqdan sonra tərəflər arasında müqavilə imzalanır və bu müqavilənin əsasında e-kassaların uçota alınması üçün e-kassa operatoru portal üzərindən ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət edir. Ərizəyə həmçinin, e-kassa istifadəçisi ilə e-kassa operatoru arasında bağlanmış müqavilənin PDF formatı əlavə edilir.
Dövlət Vergi Xidməti ərizəni emal edir və qeyd olunan e-kassalar üçün nəzarət mexanizmi qurğusuna yüklənilməsi nəzərdə tutulan sertifikatı formalaşdırdıqdan sonra bu barədə e-kassa operatoruna elektron kabinetdə bildiriş göndərir.
Daha ətraflı
E-kassanın uçotdan çıxarılması
E-kassaların uçotdan çıxarılması e-kassa operatorları tərəfindən aşağıdakı prosedurlar yerinə yetirilməklə həyata keçirilir.
İlk öncə e-kassa istifadəçisi e-kassalarda sonuncu növbəni bağlayır. E-kassa istifadəçisi e-kassanı uçotdan çıxarmaq üçün gücləndirilmiş elektron imzadan istifadə etməklə e-kassanın uçotdan çıxarılması haqqında ərizə forması ilə vergi orqanına müraciət edir.
Bundan sonra, vergi orqanı tərəfindən e-kassa operatorunun elektron kabinetinə istifadəçiyə məxsus e-kassanın uçotdan çıxarılması üçün zəruri tədbirlərin görülməsi barədə bildiriş göndərilir.
E-kassa operatoru bildiriş daxil olduğu tarixdən 5 iş günü ərzində aparılmış əməliyyatlar barədə nəzarət mexanizmi qurğusunda toplanmış məlumatların tam şəkildə Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülüb-ötürülməməsini yoxlayır və zərurət yarandığı halda məlumatların Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməsini təmin edir. Bununla yanaşı, e-kassa operatoru mütləq qaydada nəzarət mexanizmi qurğusuna yazılmış sertifikat faylını silərək qurğunu sıfırlaşdırır. Qeyd olunanlardan sonra e-kassa operatoru e-kassanın uçotdan çıxarılması barədə Akt tərtib edərək portal üzərindən vergi orqanına göndərir. Bu andan etibarən e-kassa qeydiyyatdan çıxarılaraq statusu dəyişdirilir. Akt istifadəçinin müraciəti əsasında kağız daşıyıcıda ona verilə bilər. E-kassanın uçotdan çıxarılması barədə bildiriş sistem tərəfindən hazırlanaraq e-kassa istifadəçisinin elektron kabinetinə göndərilir.