Məlumatların onlayn ötürülməsi

E-kassa vasitəsilə aparılan əməliyyatlar (malların təqdim olunması və xidmətlərin göstərilməsi) zamanı həyata keçirilən hesablaşmalar barədə məlumatlar real vaxt rejimində nəzarət mexanizmi qurğusu vasitəsilə Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülür. E-kassa tərəfindən, fiskal məlumatları özündə birləşdirərək kriptoqrafik mühafizə vasitəsilə formalaşdırılan və üzərində QR-kod və fiskal identifikator (fiskal İD) qeyd edilən çek Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülür

Kriptoqrafiyanın tədbiqi

Kriptoqrafiyanın tədbiqi

Şifrələmə proseduru, adətən, müəyyən kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur. Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən üsuludur. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik çevirmənin məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin olunmalıdır. Kriptoqrafik alqoritmlərdən əsasən, kassa əməliyyatlarının aparılması və məlumatların Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsi zamanı istifadə edilir. Yəni, kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentikasiyasına nəzarət məqsədilə, kriptoqrafik prosedurlardan (fiskal identifikatorun formalaşdırılması) istifadə olunur.

Yeni çek formaları

Yeni çek formaları

E-kassa tərəfindən formalaşdırılan yeni çek formasının üzərində aşağıdakı əsas məlumatlar əks olunmalıdır:
         - Vergi ödəyicisinin adı;
         - VÖEN;
         - Çekin vurulma tarixi və saatı;
         - Təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
     - Malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği);
         - Cari növbə ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
         - E-kassanın markası və zavod nömrəsi;
         - E-kassanın fiskal rejiminin nişanı (əlaməti);
         - Malın sürətli məlumat kodu (quick response code);
         - Ödənilmiş məbləğ;
         - Avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ;
         - Müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə);
         - Nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
         - Ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı);
         - Çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş);
         - Nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
         - Geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
         - Nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
         - Yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.

Yeni çekin əsas üstünlüklərindən biri üzərində qeyd edilən QR kod (və fiskal identifikator) vasitəsilə müştərilərin, yəni istehlakçıların, həmin çekin Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilməsi və ƏDV məbləğinin bir qisminin istehlakçıya qaytarılması imkanının yaradılmasındadır.

Təhlil imkanları

Vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılması nəzərdə tutulur. Bununla yanaşı, vergi orqanı ödəyicilərin məlumatları ilə tanış olmaq imkanı əldə edəcək. Belə ki, məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olacaq.