Sahələrarası ekspert komissiyası

Sahələrarası ekspert komissiyası öz işini Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası haqqında” 1995-ci il 18 iyul tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnaməyə uyğun təşkil edir.

Dövlət Vergi Xidməti

Dövlət Vergi Xidməti aşağıdakı əsas vəzifələri həyata keçirir: Azərbaycan Respublikası ərazisində istismarına icazə verilmiş e-kassaların elektron uçotunu aparır; e-kassa operatorunun qeydiyyatını həyata keçirir; e-kassanın istismarı üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməsini yoxlayır; nəzarət mexanizmi qurğusundan məlumatlarların ötürülməsi ilə bağlı texniki parametrləri müəyyən edir və həmin məlumatların fasiləsiz olaraq qəbulunu və emalını təşkil edir; həmçinin operatorların servis texniki xidmətinin keyfiyyəti barədə irad və təklifləri sahələrarası ekspert komissiyasına təqdim edir; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

E-kassa operatorları

E-kassa operatorları aşağıdakı əsas vəzifələri həyata keçirir: e-kassa və nəzarət mexanizmi qurğusunun e-kassa istifadəçisinin təsərrüfat subyektində (obyektində) quraşdırılmasını, e-kassa istifadəçilərinə təqdim olunan e-kassaların dövlət reyestrinə daxil edilmiş modellə eyniliyini təmin edir; nəzarət mexanizmi qurğusuna texniki sertifikatın yazılmasını, texniki tələblər dəyişdikdə, xidmət göstərdiyi e-kassaların həmin texniki tələblərə uyğunlaşdırılmasını, həmçinin e-kassanın istismarı zamanı yaranmış problemlər və onların aradan qaldırılması barədə e-kassa istifadəçisinin məlumatlandırılmasını təmin edir; servis texniki xidmət filiallarına/məntəqələrinə malik olur və e-kassa istifadəçilərinə təqdim edilmiş e-kassalara servis texniki xidmətlər göstərir; nəzarət mexanzimi qurğusunu sazlayıb işə salır, tələb olunan hallarda dəyişdirir, həmçinin e-kassa uçotdan çıxarıldıqda nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Dövlət Vergi Xidmətinə ötürülməsini təmin edir; xidmət göstərdiyi e-kassaların müəyyən olunmuş meyarlara və texniki tələblərə uyğunluğunu rübdə azı bir dəfə yoxlayır, həmçinin e-kassa istifadəçiləri tərəfindən e-kassanın müəyyən olunmuş qaydada istismarını və işlək vəziyyətdə olmasını təmir edir; e-kassanın istismarı üçün e-kassa istifadəçisi tərəfindən lazımi şəraitin yaradılmasını yoxlayır; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

E-kassa istifadəçiləri

E-kassa istifadəçiləri aşağıdakı əsas vəzifələri həyata keçirir: e-kassanın aktivləşdirilməsi üçün Dövlət Vergi Xidmətinə müraciət edir; e-kassaların vergi orqanlarında uçota alınması və uçotdan çıxarılmasını, nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını, həmçinin müvafiq məlumatların Dövlət Vergi Xidmətinə ötürülməsi məqsədilə internet resurslarına çıxışı təmin edir; e-kassa ilə əlaqədar olan sənədlərin uçotunun aparılmasını, saxlanılmasını və məhvini təşkil edir, həmçinin e-kassanın qaydalara uyğun olaraq istismarını təmin edir; e-kassaların istismarı zamanı nasazlıq ortaya çıxarsa, bu barədə vergi orqanlarına və e-kassa operatoruna dərhal məlumat verir, bununla yanaşı vergi orqanları və e-kassa operatorunun səlahiyyətli nümayəndəsinin e-kassanın fəaliyyətinə baxış keçirilməsini təmin edir; pul hesablaşmaları aparılan zaman alcıya çek təqdim edir və həmin çekdə qanunvericiliklə müəyyən olunmuş məlumatların əks olunmasını təmin edir; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.