E-kassa üzrə texniki tələblər

Azərbaycan Respublikası ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş e-kassa modellərinin tətbiqinə icazə verilir. E-kassa vahid şəkildə işləyən iki hissədən – bilavasitə e-kassa aparatının özündən və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusundan ibarətdir.
Aşağıdakı meyarlara cavab verən e-kassadan əhali pul hesablaşmalarının aparılmasında istifadə edilə bilər:
        - E-kassada aparılan əməliyyatların, çeklərin və onların formalaşma ardıcıllığının etibarlı uçotunu, habelə həmin məlumatların toplanması, emalı, saxlanması və internet bağlantısı yaranan kimi Dövlət Vergi Xidmətinə ötürülməsini təmin edən proqram təminatı və əməliyyat sistemləri ilə təchiz edilən;
        - USB portu mövcud olan;
        - Qanunvericilkdə nəzərdə tutulmuş e-kassa çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən;
        - E-kassa üzrə dəyişdirilməyən zavod və ya seriya nömrəsinə malik olan;
        - İnternet resurslarına çıxış imkanlarına (GSM, Wi-fi, Ethernet və s. vasitəsilə) malik olan.
E-kassa ilə bağlı texniki tələblər sahələrarası ekspert komissiyası tərəfindən müəyyən edilir.

Daha ətraflı

E-kassanın sertifikatlaşdırılması

E-kassanın sertifikatlaşdırılması

E-kassaların sertifikatlaşdırılmaya təqdim edilməsi e-kassa operatoru tərəfindən həyata keçirilir.
İlk olaraq e-kassa operatoru e-kassaların sertifikatlaşdırılması üçün portal üzərindən ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət edir.
E-kassanın sertifikatlaşdırılmasına dair ərizə təsdiq olunduqda, e-kassa operatoru sahələrarası ekspert komissiyasına qanunvericilikdə nəzərdə tutulan əlavə məlumatları təqdim edir.
Sahələrarası ekspert komissiyasının tapşırığına əsasən müraciətin edildiyi tarixdən 60 gün ərzində Dövlət Vergi Xidməti və ya onun müqavilə əsasında cəlb etdiyi hüquqi şəxs e-kassa operatoru kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs tərəfindən təqdim edilmiş e-kassa modelinin nümunəsinin texniki sınağını həyata keçirir. Keçirilmiş texniki sınağın nəticəsində hazırlanmış rəy sahələrarası ekspert komissiyası tərəfindən aidiyyəti üzrə baxılması üçün Agentliyə təqdim edilir. Agentlik 30 gündən gec olmayaraq təqdim edilmiş e-kassa modelinin nümunəsinin sertifikatlaşdırılmasını həyata keçirir və bu barədə sahələrarası ekspert komissiyasına məlumat verir.
Modelin dövlət reyestrinə daxil olunmasından sonra e-kassa operatoru portal üzərindən şəxsi kabinetinə daxil olur və e-kassanın bu modelinin zavod və ya seriya nömrələrini müvafiq reyestrə daxil edilməsi üçün təqdim edir.
Dövlət reyestrinə daxil edilməyən e-kassa modelinin uçota alınması həyata keçirilə bilməz.