Əvəzləşdirilmə

Vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş e-kassanın əldə edilməsinə və quraşdırılmasına çəkdiyi xərclərin elektron qaimə-faktura üzrə əvəzləşdirilmiş ƏDV məbləği nəzərə alınmaqla 350 manat həddində vergi öhdəlikləri ilə əvəzləşdirmək hüququ var. Vergi ödəyiciləri e-kassanı əvəz etdikdən sonra, onun quraşdırılmasına çəkilən xərclərin dəyərinin yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilməsi üçün müvafiq ərizə formasını dolduraraq qeydiyyatda olduqları vergi orqanına elektron formada və ya kağız daşıyıcıda təqdim etməlidirlər. Ərizə kassanın əvəz edildiyi tarixdən 3 il ərzində təqdim oluna bilər. Vergi ödəyicisinin ərizəsinə daxil olduğu tarixdən 15 iş günü ərzində baxılır.
Vergi ödəyiciləri təqdim etdikləri ərizədə məlumatların düzgün doldurulmamasına görə məsuliyyət daşıyırlar. Ərizədə məlumatlarında uyğunsuzluq aşkar edildikdə e-kassanın quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir. Xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməməsinə əsas verən kənarlaşmalar aradan qaldırıldıqdan sonra vergi ödəyicisi tərəfindən yenidən müraciət edilə bilər.
E-kassa 2019-cu il yanvarın 1-dək quraşdırıldıqda, həmçinin həmin tarixdən sonra quraşdırıldılsa da, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə, eyni zamanda, həmin meyarlara cavab verməsinə baxmayaraq, əvvəllər istifadədə olan e-kassanı əvəzləmədikdə, onun quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir.

E-kassanın istismarına dair tövsiyələr

E-kassanın istismarına dair tövsiyələr

İstismar zamanı e-kassada problem yarandıqda, e-kassa istifadəçisi dərhal vergi orqanlarına və e-kassa operatoruna məlumat verməlidir. E-kassa işlək vəziyyətdə olmadıqda, e-kassa operatoru bu barədə məlumat aldığı andan etibarən qanunvericilikdə nəzərdə tutulan müddət ərzində təmir işlərinin görülməsini təmin etməlidir.
E-kassa və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusunda yaranmış problemin qanunvericilikdə nəzərdə tutulan müddət ərzində aradan qaldırılması mümkün olmadıqda, e-kassa operatoru tərəfindən qanuvericilikdə müəyyən olunmuş tədbirlər həyata keçirməlidir.
Nəzarət mexanizmi qurğusu yararsız hala düşdükdə e-kassa operatoruna təqdim edilməli və e-kassa operatoru yoxlanılması üçün onu Dövlət Vergi Xidmətinə göndərməlidir. Bu zaman, nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər-hansı əməliyyatların aparılıb-aparılmadığı Dövlət Vergi Xidməti tərəfindən yoxlanılır.