E-kassa operatoru kimdir?
E-kassa operatoru e-kassanın təchizatını, satışını, uçotunu, servis texniki xidmətlərin göstərilməsini həyata keçirən, Dövlət Vergi Xidmətində e-kassa operatoru qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir.
Qanunvericiliklə nəzərdə tutulan bütün tələblərə cavab verən hüquqi şəxs operator ola bilər. Bunun üçün o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada portaldan ərizə ilə müraciət edərək qeydiyyatdan keçməli və əldə etdiyi e-kassanın dövlət reyestrinə daxil edilməsini təmin etməlidir.
İstifadəçi təlimatlarının hazırlanması və e-kassanın istismarının sənədləşdirilməsi e-kassanın operatoru tərəfindən həyata keçirilir.
E-kassa operatoruna müraciət
E-kassa istifadəçisi aşağıdakı əsas xidmətlərin təqdim olunması ilə bağlı e-kassa operatoruna müraciət edə bilər:
- E-kassanın uçota alınması;
- E-kassanın quraşdırılması;
- E-kassaya texniki dəstək göstərilməsi;
- E-kassanın təmiri və əvvəlki e-kassanın yenidən istismara verildiyi ana qədər müvəqqəti e-kassanın istifadə üçün təqdim olunması;
- E-kassanın uçotdan çıxarılması.
E-kassa operatorları və e-kassaların stoku
E-kassa operatoru sertifikatlaşdırılmış və dövlət reyestrinə daxil edilmiş model üzrə mövcud e-kassa barədə məlumatları (model və zavod (və ya seriya) nömrəsi) portal üzərindən Dövlət Vergi Xidmətinin informasiya sisteminə daxil edir.