Ümumi məlumat
E-kassa nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. E-kassa vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsi (köçürülməsi) təmin edilir.
E-kassa pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir.
E-kassa pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir.
Yeni ifadələr
E-kassa - malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmaların qeydiyyatında istifadə edilən avadanlıqlardır. Məhz bu sistem hesablaşmalar zamanı aparılan əməliyyatlar barədə məlumatların toplanması, emalı, saxlanılması və internet bağlantısı yaranan kimi Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsini real vaxt rejimində təmin edir.
Nəzarət mexanizmi qurğusu - malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmalar barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsini, həmçinin e-kassa və istifadəçinin autentifikasiyasını təmin edən qurğudur.
E-kassa operatoru – e-kassanın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna sertifikatın yazılmasını, habelə bu avadanlıq və qurğulara servis texniki xidmətlərin göstərilməsini həyata keçirən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir.
Akt – e-kassanın uçota alınması və uçotdan çıxarılması, quraşdırılması, servis-texniki xidmətin göstərilməsi, habelə nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi zamanı tərtib edilən sənəddir. Həmin sənəd e-kassa operatoru tərəfindən portal üzərindən qeydiyyata alınmaqla formalaşdırılır.
Açıq açarın texnoloji sertifikatı (və ya sertifikat) - e-kassanın zavod nömrəsi və modeli, nəzarət mexanizmi qurğusunun zavod nömrəsi və qeydiyyat nömrəsi, VÖEN, vergi ödəyicisinin adı, obyektin kodu, obyektin adı, obyektin ünvanı, sertifikatın buraxılış və bitmə tarixinin e-kassa istifadəçisinə aid olduğunu təsdiqləyən və Dövlət Vergi Xidməti tərəfindən göndərilən elektron fayldır.
Açıq açar – açıq açar kriptosistemində yalnız konkret nəzarət mexanizmi qurğusuna aid olan və qapalı açara birləşdirilmiş, hər kəsə məlum olan açardır.
QR-kod (quick response code) – optik ştrix-kod, malın sürətli məlumat kodudur. Xüsusi qurğu vasitəsilə oxunan ştrix-kod çekin bütün məlumatlarını keçid mənbədə əks etdirir.
Fiskal identifikator (fiskal İD) – çekdə onaltılıq say sistemi üzrə simvollardan ibarət olan və kassa əməliyyatları məlumatı əsasında, kriptoqrafik informasiya mühafizəsi vasitəsindən istifadə etməklə nəzarət mexanizmi qurğusu tərəfindən tərtib edilmiş rəmzi sətirdir.