E-kassa nədir?

E-kassa nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. Onun vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsi (köçürülməsi) təmin edilir. 
E-kassa pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir.

Yeni qaydalara uyğun olaraq hansı növ kassaların istifadəsinə icazə verilir?

Azərbaycan Respublikası ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş e-kassa modellərinin tətbiqinə icazə verilir. Aşağıdakı meyarlara cavab verən e-kassadan əhali ilə hesablaşmaların aparılmasında istifadə edilə bilər: 1) e-kassada aparılan əməliyyatların, çeklərin və onların formalaşma ardıcıllığının etibarlı uçotunu, habelə həmin məlumatların toplanması, emalı, saxlanması və internetə bağlanan kimi Dövlət Vergi Xidmətinə ötürülməsini təmin edən proqram təminatı və əməliyyat sistemləri ilə təchiz edilən; 2) USB portuna malik olan; 3) qanunvericilikdə nəzərdə tutulmuş e-kassa çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən; 4) e-kassa üzrə dəyişdirilməyən zavod və ya seriya nömrəsinə malik olan; 5) internet resurslarına çıxış imkanlarına malik olan.

Yeni növ çek formalarının hansı üstünlükləri var?

Yeni çek formalarının əsas üstünlüklərindən biri - üzərində qeyd edilən QR kodudur (və fiskal identifikator (fiskal İD)). Onun vasitəsilə müştərilər, yəni istehlakçılar, həmin çekin Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilir. QR kod (və fiskal identifikator (fiskal İD)) həmçinin ƏDV məbləğinin bir qisminin istehlakçıya qaytarılması imkanını yaradır.

QR kod və fiskal identifikator (fiskal İD) nədir və necə formalaşdırılır?

Qaydalara əsasən malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və çek üzərində nəzarət mexanizmi qurğusu tərəfindən formalaşdırılan 16-lıq say sistemi üzrə simvollardan ibarət fiskal identifikator (fiskal İD) yeni çek formalarının üzərində çap olunması zəruri olan məlumatlardır.

E-kassaların istifadəçiləri kimlərdir?

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda); kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı; səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti; qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı; elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektləri və Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər üzrə fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə nağd pul hesablaşmaları qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən e-kassalar vasitəsi ilə həyata keçirilməlidir.

E-kassa operatoru kimdir? E-kassa operatoru ilə qarşılıqlı fəaliyyət necə təşkil edilir?

E-kassanın təchizatını, satışını, uçotunu, servis texniki xidmətlərin göstərilməsini həyata keçirən, Dövlət Vergi Xidmətində e-kassa operatoru qismində  qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir. E-kassa istifadəçisi aşağıdakı əsas xidmətlərin təqdim olunması ilə bağlı e-kassa operatoruna müraciət edə bilər: e-kassanın uçota alınması; e-kassanın quraşdırılması; e-kassaya texniki dəstək göstərilməsi; e-kassanın təmiri və əvvəlki e-kassanın yenidən istismara verildiyi ana qədər müvəqqəti e-kassanın istifadə üçün təqdim olunması; e-kassanın uçotdan çıxarılması.

Nəzarət mexanizmi qurğusu nədir və nə üçün nəzərdə tutulub?

Malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmalar barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsini, həmçinin e-kassa və istifadəçinin autentifikasiyasını təmin edən qurğudur.

Nəzarət mexanizmi qurğusunun dəyişdirilməsi nə zaman həyata keçirilir?

Nəzarət mexanizmi qurğusunun sertifikatı 3 il müddətinə verilir. Həmin müddət bitdikdə və ya qurğu yararsız hala düşdükdə, sertifikat yenisi ilə əvəz edilir.

E-kassa istifadəçisi e-kassa operatoruna nə zaman müraciət etməlidir?

E-kassa istifadəçisi aşağıdakı əsas xidmətlərin təqdim olunması ilə bağlı e-kassa operatoruna müraciət edə bilər: e-kassanın uçota alınması; e-kassanın quraşdırılması; e-kassaya texniki dəstək göstərilməsi; e-kassanın təmiri və əvvəlki e-kassanın yenidən istismara verildiyi ana qədər müvəqqəti e-kassanın istifadə üçün təqdim olunması; e-kassanın uçotdan çıxarılması.

Kassa əməliyyatları üzrə məlumat mübadiləsinin yeni sxemi necə həyata keçirilir?

Kassa əməliyyatları üzrə məlumat mübadiləsində aşağıdakı əsas elementlər iştirak edir: e-kassa (və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusu) və Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazası. Çek fiskal məlumatları özündə birləşdirərək e-kassa tərəfindən formalaşdırılır. Əməliyyat məlumatları əsasında üzərində fiskal identifikator (fiskal İD) qeyd olunan çek Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülür. Çek üzərində qeyd edilən QR kod (və fiskal identifikator) vasitəsilə istehlakçı həmin çekin Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilər.

Texniki nasazlıq aşkar olunduqda, e-kassa istifadəçisi nə etməlidir?

İstismar zamanı e-kassa ilə bağlı texniki nasazlıq yarandıqda istifadəçi vergi orqanlarına və e-kassa operatoruna dərhal məlumat verməlidir. E-kassa istismar zamanı yararsız vəziyyətə düşdükdə, e-kassa operatoru bununla bağlı ona çağırış verildiyi andan etibarən qanunvericilikdə nəzərdə tutulan müddət ərzində e-kassanın təmirini təmin etməlidir. E-kassada, eləcə də onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə aradan qaldırmaq mümkün olmadıqda e-kassa operatoru e-kassanı dərhal müvəqqəti (ehtiyat) e-kassa ilə əvəz etməlidir.

E-kassalara keçid nə zaman başlayır? E-kassalara müəyyən olunmuş müddət (vaxt) ərzində keçməyənləri nə gözləyir?

Azərbaycan Respublikasının ərazisində e-kassalara keçid prosesi “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən həyata keçirilir. Müəyyən olunmuş müddət (vaxt) ərzində e-kassalara keçməyən vergi ödəyicilərinə qanunvericilikdə nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq ediləcək.

Açıq açarın texnoloji sertifikatı nə deməkdir və nə üçün istifadə olunur?

Açıq açarın texnoloji sertifikatı e-kassanın zavod nömrəsi və modeli, nəzarət mexanizmi qurğusunun zavod nömrəsi və qeydiyyat nömrəsi, VÖEN, vergi ödəyicisinin adı, obyektin kodu, obyektin adı, obyektin ünvanı, sertifikatın buraxılış və bitmə tarixinin e-kassa istifadəçisinə aid olduğunu təsdiqləyən və Dövlət Vergi Xidməti tərəfindən göndərilən elektron fayldır. 

İstehlakçı alınan e-kassa çekinin həqiqliyini necə yoxlaya bilər?

İstehlakçı çekin üzərində qeyd edilən QR kod və ya fiskal identifikator (fiskal İD) vasitəsi ilə həmin çekin Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilər.