E-kassa istifadəçilərinin hüquq və vəzifələri

E-kassa istifadəçilərinin hüquq və vəzifələri

E-kassa istifadəçilərinin qanunvericiliklə müəyyən edilən aşağıdakı hüquqları var: vergi orqanlarında müəyyən edilmiş qaydada uçota alınması üçün e-kassanın müəyyən olunmuş modelini sifariş vermək; e-kassanın istismara hazırlığını, servis texniki xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə sahələrarası ekspert komissiyasına təkliflər vermək; vergi orqanlarının və e-kassa operatorunun səlahiyyətli nümayəndəsinin qeyri-qanuni hərəkətləri barədə qanunla müəyyən olunmuş qaydada şikayət vermək.
E-kassa istifadəçilərinin vəzifələri portalın “E-kassa istifadəçiləri” alt-menyusunda təqdim olunmuşdur.

Cərimələr

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının  verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə
    - təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;
    - təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;
    - təqvim ili ərzində belə hallara üç və daha çox yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.