Nəzarət mexanizmi qurğusu
E-kassanın tərkibi hissəsi olan nəzarət mexanizmi qurğusu Dövlət Vergi Xidmətində qeydiyyata alınmalı, vergi ödəyicisinin şəxsi məlumatlarını əhatə edən sertifikatla (Dövlət Vergi Xidməti tərəfindən verilmiş) təmin olunmalı, yalnız bundan sonra e-kassalarda istifadə edilməlidir. Nəzarət mexanizmi qurğusu 3 il müddətinə hər bir e-kassaya fərdi qaydada quraşdırılır və bu müddət ərzində həmin nəzarət mexanizmi qurğusunun yeni e-kassaya quraşdırıldırılmasına onda olan məlumatların Dövlət Vergi Xidmətinə ötürülməsindən sonra yol verilir. Bununla yanaşı, nəzarət mexanizmi qurğusu Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazası ilə bağlantı olmadığı təqdirdə 7 gün ərzində e-kassa vasitəsilə aparılan əməliyyatlar barədə məlumatların saxlanılmasını, həmçinin onların tamlığının və etibarlığının qorunmasını təmin edir. Qurğu, məlumatların kriptoqrafiya üsullarından istifadə etməklə formalaşdırılmasına, çeklərin sıra ardıcıllığının pozulmamasına və formalaşdırma tarixinə nəzarət edir.
E-kassa çeki yalnız nəzarət mexanizmi qurğusu quraşdırıldığı halda və e-kassa operatoru tərəfindən göndərilən PİN kodu istifadəçi daxil etdikdən sonra çap edilə bilər. Qurğu oflayn rejimdə qalması müddətini (7 gün) aşan tarixlə çekin formalaşdırması əməliyyatının aparılmasına icazə vermir.